Компенсации

Kompensasiya ödənişi

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 27.1.6-cı maddəsinə əsasən İcbari Sığorta Bürosu Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə aşağıdakı hallarda kompensasiya ödənişlərinin verilməsini təmin edir:

  • -üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda;
  • -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və vurulan zərərin əvəzi, zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən ödənilmədikdə

Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər-fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir.

Sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi  yazılı müraciəti əsasında ödənilir.

Sağlamlığa dəyən zərər aşağıdakılardan ibarətdir:

  • -Şəxsin yüngül, az ağır  və ya ağır xəsarət alması;
  • -Şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik)
  • -Şəxsin ölümü

Sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişləri aşağıdakı məbləğlərdə ödənilir:

  • -Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi – 5000 manat;
  • -Zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi – 5000 manat;
  • Zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlillik qrupu təyin ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması:

    – I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə –  4000 manat;

    – II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə –  3000 manat;

    – III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 2000 manat;

    – əlillik qrupu təyin olunması və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 1500 manat;

    – yüngül xəsarət alması – 750 manat

Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və (və ya) zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.  Bir hadisə nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyin ümumi həcmi   50 000 manatı aşarsa, hər bir zərərçəkənə verilən kompensasiya ödənişi bu məbləğin (50 000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.  “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda  və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda” nəzərdə tutulmuş hallarda    sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə də Büro tərəfindən kompensasiya ödənişi verilir. Iştirakçı müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə kompensasiya ödənişlərinin verilməsi barədə Himayəçilər Şurası tərəfindən qərar qəbul olunur və bu halda kompensasiya ödənişləri qanunda nəzərdə tutulan qaydada həyata keçirilir.

Kompensasiya tələbi ilə bağlı İcbari Sığorta Bürosuna verilən bütün məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Məlumatlar və ya sənədlər həqiqətə uyğun olmadığı təqdirdə İcbari Sığorta Bürosu kompensasiya ödənişini tam və ya müvafiq hissəsini qeri qaytarılmasını məhkəmədən kənar və ya məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda, “İcbari sığortalar haqqında” Qanunun 63.3 maddəsinə əsasən  bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.